ƏSF-nin yaranması
Əmanətlərin sığortalanması haqqında Azərbaycan Respublikasının Qanunu 29 Dekabr 2006-cı ildə ölkə parlamenti tərəfindən qəbul edilmiş və Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev-in 9 fevlar 2007 ci il tarixli Fərmanına əsasən Əmanətlərin Sığortalanması Fondu yaradılmış, 2007-ci ilin 12 Avqust tarixindən isə fəaliyyətə başlamışdır. Əmanətlərin Sığortalanması Fondunun yaradılmasının məqsədi banklar və xarici bankların yerli filialları ödəmə qabiliyyətini itirdikdə fiziki şəxslərdən əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaq, Azərbaycan Respublikasında maliyyə və bank sisteminin sabitliyini və inkişafını təmin etməkdir.
Əmanətlərin Sığortalanması Fondu ali idarəetmə orqanı olan Himayəçilik Şurası və icra orqanı olan İcraçı direktor tərəfindən idarə olunur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 1 avqust 2017-ci ilsərəncamı ilə, Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktorunun müavini vəzifəsinə Vüqar Rafik oğlu Abdullayev təyin olunub. Sərəncamla V.Abdullayevə İcraçı direktorun vəzifəsinin icrası həvalə edilib.
Fondun sığorta ehtiyatları Fonda üzv olan banklardan rüblük olaraq yığılan təqvim haqlarının hesabına formalaşdırılır. ƏSF hüquqi şəxsdir, qeyri-kommersiya təşkilatıdır və öz əmlakının mülkiyyətçisidir. Fond, üzərində öz adı olan möhürə, habelə Mərkəzi Bankda və bu Qanunla müəyyən olunmuş qaydada digər banklarda hesablara malikdir. Fondun əsas məqsədi mənfəət götürmək deyil və onun fəaliyyəti nəticəsində əldə etdiyi bütün mənfəət sığorta ehtiyatlarının artırılmasına yönəldilir. Dövlət və Mərkəzi Bank Fondun öhdəlikləri üzrə, Fond isə dövlətin və Mərkəzi Bankın öhdəlikləri üzrə məsuliyyət daşımır.
Fiziki şəxslərin əmanətlərinin cəlb edilməsi üçün bank lisenziyasına malik olan bütün banklar və xarici bankların yerli filialları Fondun məcburi iştirakçılarıdır. İştirakçı bankların Azərbaycan Respublikası ərazisindən kənarda yerləşən filiallarındakı əmanətlər Fond tərəfindən sığorta olunmur və onlar üzrə kompensasiya ödənilmir.
Əmanətlərin Sığortalanması Fondunun bugünə olan əsas hədəfi üzv banklardakı fiziki şəxslərin əmanətlərini sığortalamaqdır.
Fond yarandığı gündən etibarən qorunan əmanətlərə görə faiz dərəcələri bir neçə dəfə dəyişdirilmişdir.
Tətbiq olunan dövr | Manatda olan qorunan əmanət üçün illik faiz dərəcəsinin həddi | Xarici valyutada olan qorunan əmanət üçün illik faiz dərəcəsinin həddi |
13.08.2007-09.04.2008 | 23.4% |
10.04.2008-08.06.2008 | 25.2% |
09.06.2008-13.10.2008 | 27% |
14.10.2008-30.10.2008 | 21.6% |
31.10.2008-30.11.2008 | 18% |
01.12.2008-31.12.2008 | 15% | 14.4% |
01.01.2009-31.05.2010 | 15% | 15% |
01.06.2010-01.03.2016 | 15% | 12% |
02.03.2016-bu günədək | 15% | 3% |
Kompensasiyanın maksimum həddi 30.000 manatdır.
02 mart 2016-cı il tarixdə qüvvəyə minən “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən milli və xarici valyutada müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan Fondun iştirakçı banklardakı bütün qorunan əmanətləri məbləğindən asılı olmayaraq 3 (üç) il müddətində tam sığortalanır.
Əmanətçilər əmanətlərin sığortalanması üçün heç bir ödəniş etmir.
Sığorta haqları yalnız üzv banklar tərəfindən ödənilir.