Xəbərlər
25 Apr 2017
25.04.2017
21.10.2016-cı il tarixdə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə “Gəncəbank” ASC müflis elan edilmiş və onun barəsində ləğv prosesinə başlanılmışdır. Məhkəmənin müvafiq qərarı ilə banka ləğvedici qismində Əmanətlərin Sığortalanması Fondu təyin edilmişdir.
Ləğvetmə prosesində kreditorların maraqlarının təmsil edilməsi və bankın səmərəli ləğvinin təmin edilməsi məqsədi ilə kreditorlar komitəsinin yaradılması zərurəti yaranmışdır.
Bununla əlaqədar “Banklar haqqında” Qanunun 86.1-ci maddəsinin tələblərinə uyğun olaraq, kreditorlar komitəsinin yaradılması təşəbbüsünün dəstəklənməsi üçün Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət olunmuş və Palata tərəfindən müsbət cavab alınmışdır.
24.01.2017-cı il tarixdə ləğv prosesində olan “Gəncəbank” ASC-nin Kreditorlar Komitəsinin yaradılmasına dair sorğu ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edilmişdir.
09.02.2017-cı il tarixdə isə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin qərardadı ilə ləğv prosesində olan “Gəncəbank”ASC-nin Kreditorlar Komitəsinin yaradılması, Kreditorlar Komitəsinin tərkibinin müəyyənləşdirilməsi üçün təşkilatı işlərin və zəruri tədbirlərin görülməsi Əmanətlərin Sığortalanması Fonduna həvalə olunması və ləğv prosesində olan “Gəncəbank”ASC-nin Kreditorlar Komitəsi haqqında Əsasnamənin təsdiq edilməsi barədə qərar qəbul edilmişdir.
Məlumat üçün bildiririk ki, Kreditorlar Komitəsinin Əsasnaməsi Əmanətlərin Sığortalanması Fondunun veb səhifəsində yerləşdirilmişdir: http://adif.az/doc/kredit.pdf
Məhkəmənin müvafiq qərarı rəhbər tutularaq ləğvedici tərəfindən kreditorlar komitəsinin tərkibinin formalaşdırılması üçün artıq dəvət məktubları və bildirişlər göndərilmişdir.
Göstərilənlərlə əlaqədar bildiririk ki, 05.05.2017-cı il tarixdə “Gəncəbank” ASC-nin ləğvi ilə bağlı Kreditorlar Komitəsinin iclasının keçirilməsi nəzərdə tutulur.
Kreditorlar Komitəsinin iclası saat 15:00-da ləğv prosesində olan “Gəncəbank” ASC-nin Gəncə şəhəri, Atatürk prospekti 260 ünvanında yerləşən inzibati binasında keçiriləcəkdir. Müvafiq dəvət məktublarını və bildirişləri almış şəxslərdən Kreditorlar Komitəsinin iclasında səxsən və ya səlahiyyətli nümayəndəsi vasitəsilə iştirak olunması xahiş olunur.