Xəbərlər

MƏLUMAT

4 Fev 2016

04.02.2016 / 18:30

Nəzərinizə çatdırmaq istərdik ki, sığorta hadisəsi baş vermiş “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna 29 yanvar 2016-cı il tarixindən etibarən agent bankların filiallarında başlanılmış və həmin gündən etibarən qorunan əmanətçilərə kompensasiya ödənişi həyata keçirilir.

Seçilmiş agent banklar tərəfindən 6 gün ərzində sənədləri qaydasında olan əmanətçilərə 14 milyon manatdan artıq kompensasiya ödənilmişdir.

Əmanətlərin Sığortalanması Fondu ictimaiyyətin diqqətinə çatdırır ki,  30 iyul 2007 -ci ildən Fonda üzv olan “Gəncəbank”ASC-də 28 yanvar 2016-cı il tarixində sığorta hadisəsi baş vermişdir.

Sığorta hadisəsi baş vermiş “Gəncəbank” ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna  bugündən -04 fevral 2016-cı il tarixindən etibarən başlanılmasına baxmayaraq kompensasiyaların alınması üçün az sayda  müraciət olunmuşdur.

Ərizə formalarını  “Bank of Azerbaijan” ASC və “Gəncəbank”ASC-nin  qorunan əmanətçiləri Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Bül-Bül prospekti 40 ünvanında yerləşən ofisindən, sığorta hadisəsi baş vermiş “Bank of Azerbaijan” ASC və “Gəncəbank”ASC-nin  filiallarından, Agent Bankların filiallarından və www.adif.az saytından əldə edə bilərlər.

Fond əmanətçilərin ərizələrini kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən  başlayaraq bir il ərzində qəbul edir.

Sığorta hadisəsinə görə Fond tərəfindən hər bir qorunan əmanətçiyə 100 faiz həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödənilir.