Xəbərlər

Əmanətlərin Sığortalanması Fondunun üzvü olan Yunayted Kredit Bank” ASC-də sığorta hadisəsi baş vermişdir

2 Fev 2016

02.02.2016/ 18:00

Azərbaycan Respublikasının Mərkəzi Bankının İdarə Heyətinin 25 yanvar 2016-cı il tarixli,  06/1  saylı qərarı ilə "Yunayted Kredit Bank" ASC-yə bank əməliyyatlarının aparılması üçün verilmiş  30.04.1996-cı il tarixli, 240  saylı lisenziya ləğv edilib.

Əmanətlərin Sığortalanması Fondu Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təqdim olunmuş 02 fevral 2016-cı il tarixli 16-00029-2016 nömrəli məktuba istinad edərək bildirir ki, “Yunayted Kredit Bank" ASC-nin əməliyyatlarına moratorium tətbiq edilmişdir. Bununla da “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1.9-cu maddəsinə müvafiq 02 fevral 2016-cı il tarixi “Yunayted Kredit Bank" ASC-də sığorta hadisəsinin baş verdiyi gün hesab olunur.“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsinə uyğun olaraq, sığorta hadisəsi  baş verdiyi gündən 7 təqvim günü ərzində “Yunayted Kredit Bank" ASC-nin qorunan əmanətçilərinə kompensasiyaları ödəmək üçün seçilmiş Agent banklar və kompensasiyaların ödəniş tarixi və yeri haqqında əlavə məlumat veriləcək.

Fond məlumat üçün bildirir ki, “Yunayted Kredit Bank" ASC-də qorunan əmanəti olan  əmanətçilərin əmanətlərinin 30 (otuz) min manata qədər olan hissəsinin kompensasiya ediləcəyinə təminat verir. 30 min manatdan çox əmanəti olan  əmanətçilərin əmanətləri ləğvedici tərəfindən qanunvericiliyə uyğun olaraq ödəniləcək.