27 Iyl 2015
2015-ci ilin 6 ayın yekunlarına görə fiziki şəxslərin cəmi əmanətləri 7 561 mln. manat təşkil etmişdir.
Cari ilin 6 ayın yekunlarına görə fiziki şəxslərin əmanətləri ümumilikdə 884 milyon manat (13,2%), qorunan əmanətlər isə 1 452 mln.manat (46,9 %) artıb. Kompensasiya olunan əmanətlər 437 milyon manat (25,9%) artaraq 2 122 milyon manat olmuşdur ki, bu da ümumi əmanətlərin 28%-ni təşkil edir.
Üzv banklar tərəfindən 7 147 401 əmanətçiyə xidmət göstərilir ki, onların da 90%-i (6 444 188 nəfər) sığortalanan əmanətçilərdir.
Sığortalanan əmanətlərin 69% - i ABŞ dollarının, 27% - i manatın, 4% - i avronun payına düşür.
Cari ilin 6 ayın yekunlarına görə Fondun sığorta ehtiyatları 103 mln. manat təşkil edir.
Fondun sərbəst vəsaitlərinin idarə edilməsi Fondun investisiya siyasətinə uyğun olaraq həyata keçirilir. Fondun vəsaitlərinin 85,5 milyon manatı dövlət qiymətli kağızlarında yerləşdirilmiş və illik gəlirlilik orta hesabla 4,2 % təşkil etmişdir. Fondun 5,0 mln. Avro vəsaiti isə “Deutsche Asset & Wealth Management International” şirkəti vasitəsi ilə idarə olunur. Fondun sərbəst vəsaitləri 11,4 mln. manat təşkil etmişdir.
Cari ilin 6 ayının nəticəsinə görə Fondun gəlirləri 12,4 mln. manat olmuşdur ki, bunun da 10,6 mln. manatını sığorta haqları, 1,8 min manatını isə faiz gəlirləri təşkil etmişdir. Fondun cəmi xərcləri 766,5 min manat təşkil etmişdir.
2015-ci ilin II rübün sonuna Fondun iştirakçısı olan bankların sayı 44-dür.
Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin diqqətinə çatdırır ki, 24 fevral 2015-ci il tarixindən etibarən qorunan əmanətlərin illik faiz dərəcəsinin maksimal həddi 12 %-dir.
24 fevral 2015-ci il tarixinədək iştirakçı banklarda illik maksimum 12 faizlə qəbul olunmuş əmanətlər də 24 fevral 2015-ci il tarixdən etibarən sığortalanan əmanət hesab olunur. Bu faizdən yuxarı faiz dərəcəsi ilə yerləşdirilən əmanətlər sığortalanmır və bu əmanətlərə görə kompensasiya ödənilmir.
Məlumat üçün bildiririk ki, Əmanətlərin Sığortalanması Fonduna üzv olan bir və ya bir neçə bankda sığorta hadisəsi baş verdiyi zaman Fond tərəfindən sığortalanan əmanətlərə görə əmanətçiyə hər bir sığorta hadisəsi üçün 30 000 manat məbləğində kompensasiya ödənilir.
Əmanətçilər onlara lazım olan məlumatları Əmanətlərin Sığortalanması Fondunun rəsmi veb səhifəsindən : www.adif.az əldə edə bilər, Fondla 941 saylı qaynar xətt, və ya 596 65 91/92 nömrələri vasitəsilə əlaqə yarada bilərlər.