Xəbərlər

Əmanətlərin Sığortalanması Fonduna üzv olan bankların sayı 38-ə çatdı

5 Sen 2008

Əmanətlərin Sığortalanması Fonduna üzv olan bankların sırasına yeni yaranmış “Naxçıvanbank” da əlavə olundu. Bununla da Fonda üzv olan bankların sayı 38-ə çatdı.

Fonda üzv olan hər bir banka qurumun şəhadətnaməsi verilir və bu “Şəhadətnamə”lər banklarda əmanətçilərə xidmət göstərilən yerlərdə asılır.

Xatırladaq ki, iştirakçı bankların Azərbaycan ərazisindən kənarda yerləşən filiallarındakı əmanətlər Fond tərəfindən sığorta olunmur və onlar üzrə kompensasiya ödənilmir.

İştirakçı bankda sığorta hadisəsi baş verdikdə Fond əmanətçiyə 2010 –cu il yanvarın 1 - dək - əmanətin məbləğinin 100 faizini, lakin 6 min manatdan çox olmayaraq kompensasiya ödəyir.

Qeyd edək ki, sığorta hadisəsi əmanətçinin əmanəti olan bir neçə iştirakçı bankda baş verdikdə, kompensasiya hər bir bankda olan əmanət üzrə ayrı-ayrılıqda ödənilir. Əmanətçinin bir bankda bir neçə əmanəti olduqda isə onlar toplanır və bir əmanət kimi kompensasiya olunur. Əmanətçilər bunu nəzərə alaraq öz vəsaitlərini bölərək müxtəlif banklarda saxlaya bilərlər.

Əmanətçilər əmanətlərinin sığortalanması üçün heç bir ödəniş etmirlər. Sığorta haqlarını yalnız banklar ödəməlidir.