Qorunmayan əmanət

Aşağıdakı əmanətlər Azərbaycan Respublikasının "Əmanətlərin sığortalanması haqqında" Qanununun müddəalarına əsasən sığortalanmır və iştirakçı bankda sığorta hadisəsi baş verdikdə onlara görə kompensasiya ödənilmir:

a)  bankın Azərbaycan Respublikasının ərazisindən kənarda açılmış bölmələri tərəfindən cəlb olunmuş əmanətlər;

b)  cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı şübhəli əməliyyatlar nəticəsində qanunvericiliyə müvafiq qaydada müəyyən edilmiş əmanətlər;

c)  cinayətin törədilməsi nəticəsində yaranması məhkəmə qərarı ilə təsdiq edilmiş əmanətlər;

d)  üzərinə həbs qoyulmuş əmanətlər;

e)   cəlb edildiyi günə Fondun Himayəçilik Şurasının Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla müəyyən etdiyi həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər;

f)  fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı pul vəsaitləri;

g)  fiziki şəxslərin bankın vəkalətli idarəetməsində olan pul vəsaitləri;

Aşağıdakı əmanətçilərin əmanətləri Azərbaycan Respublikasının "Əmanətlərin sığortalanması haqqında" Qanununun müddəalarına əsasən sığortalanmır və iştirakçı bankda sığorta hadisəsi baş verdikdə onlara görə kompensasiya ödənilmir:

a) bankın Müşahidə Şurasının, Audit Komitəsinin, İdarə Heyətinin üzvləri və onların yaxın qohumları (ər-arvad, onların valideynləri və övladları, o cümlədən övladlığa götürülənlər, bacı və qardaşları);

b) bankın 10 faiz və daha çox səsvermə hüququ verən səhmlərinə malik olan şəxslər və onların yaxın qohumları (ər-arvad, onların valideynləri və övladları, o cümlədən övladlığa götürülənlər, bacı və qardaşları);

c) kompensasiyaların ödənilməsi barədə elanın ilk dəfə dərc edildiyi tarixdən əvvəlki təqvim ili ərzində bankın auditini keçirmiş kənar auditorlar.