Xəbərlər

DİQQƏT: Milli vayutada qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddi illik 12%-dən 15%-ə qaldırıldı

16 Sen 2016

16.09.2016

Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası və Mərkəzi Bankla razılaşdırılmaqla 2016-cı ilin sentyabr ayının 16-dan etibarən bütün milli valyutada olan qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddini illik 12%-dən 15%-ə qaldırdı.

16 sentyabr 2016-cı il tarixindən etibarən üzv banklarda milli valyutada əmanətlər üzrə illik faiz dərəcəsi 15 faizdən yuxarı olarsa, bu əmanətlər  Fond tərəfindən sığorta olunmur və onlara görə kompensasiya ödənilmir.

Xatırladaq ki, xarici valyutada yerləşdirilən əmanətlər üzrə illik faiz dərəcəsi 3 faizdir.

Əmanətçilər əmanətlərin sığortalanması üçün heç bir ödəniş etmirlər. Sığorta haqları yalnız banklar tərəfindən ödənilir.

Fond məlumat üçün bildirir ki, 01 mart 2016-cı il tarixdə qüvvəyə minən “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş və 16 sentyabr 2016-cı il tarixdən qorunan əmanətlər üçün qüvvəyə minmiş maksimal illik faiz dərəcəsi- milli valyuta üzrə 15%, 2 mart 2016-cı il tarixdən qorunan əmanətlər üçün qüvvəyə minmiş maksimal illik faiz dərəcəsi xarici valyuta üzrə 3 % həddində olan Fondun iştirakçı banklardakı bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq 3 (üç) il müddətində tam sığortalanır.

Əmanətçilər onlara lazım olan məlumatları Əmanətlərin Sığortalanması Fondunun rəsmi veb səhifəsindən : www.adif.az əldə edə bilər, Fondla 941 saylı qaynar xətt, və ya 596 65 91/92/93 nömrələri vasitəsilə əlaqə yarada bilərlər.