Xəbərlər

PRESS RELIZ

20 Avq 2016

Əmanətlərin Sığortalanması Fondu bildirir ki, “Əmanətlərin sığortalanması haqqında” Qanunun 27.1-ci maddəsinə əsasən Milli valyutada olan əmanətlər üzrə kompensasiya manatla, xarici valyutada olan əmanətlər üzrə isə əmanətlərin valyutasında ödənilir. Əmanətlər ABŞ dolları və ya Avroda olmadıqda, kompensasiya bu valyutaların biri ilə sığorta hadisəsinin baş verdiyi günə Mərkəzi Bankın müvafiq valyutalar üzrə müəyyən etdiyi rəsmi məzənnələr əsasında hesablanmış çarpaz məzənnə üzrə hesablanır və ödənilir.

“Əmanətlərin sığortalanması haqqında” Qanunun 27.3-cü maddəsinə əsasən bir əmanətçinin bir bankda, o cümlədən bankın yerli filiallarında və şöbələrində bir neçə əmanəti olduqda, yaxud həm milli, həm də xarici valyutada əmanətləri olduqda, onlar toplanır və bir əmanət kimi manatla kompensasiya olunur.

Sığorta hadisəsi baş vermiş “Parabank” ASC, “Zaminbank” ASC, “Kredobank” ASC və “Dekabank” ASC-nin qorunan əmanətçilərinin sayı 31 959 nəfər təşkil edir. 17786 nəfərin əmanətləri 1 manata, 11534 nəfərin əmanətləri isə  1 manatdan 1000 manata qədər olanlardır. 1000 manatdan artıq əmanəti olan əmanətçilərin sayı 2 639 nəfərdir və 19 avqust 2016-cı il tarixinə  onlardan 1915 nəfərinə (72,6 faiz)  56 455 min manat kompensasiya ödənilmişdir.

 

Məlumat üçün bildiririk ki, qorunan əmanətçilərə kompensasiya məbləği bir dəfəyə tam olaraq ödənilir, bir əmanətçiyə hissə hissə  kompensasiya ödənilməsi qanunvericiliyə ziddir və ADİF-in proqram sistemində nəzərdə tutulmamışdır.

        Əmanətçilər onlara lazım olan məlumatları Əmanətlərin Sığortalanması Fondunun rəsmi veb səhifəsindən : www.adif.az əldə edə bilər, Fondla 941 nömrəli qaynar xətt, və ya 596 65 91/92/93 nömrələri vasitəsilə əlaqə yarada bilərlər.