Xəbərlər

“Qafqaz İnkişaf Bankı” ASC və “Atrabank” ASC-nin qorunan əmanətçilərinin diqqətinə

19 Avq 2016

19.08.2016.

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 27 yanvar 2016-cı il tarixli,  07/3 və  07/1 saylı qərarı ilə “Atrabank” ASC və “Qafqaz İnkişaf Bankı” ASC-yə bank əməliyyatlarının aparılması üçün verilmiş lisenziyalarının ləğv edilməsi ilə əlaqədar olaraq, 14 avqust 2007-ci il tarixdə   30 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan “Atrabank” ASC  və 10 sentyabr 2007-ci il tarixdə 33 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan “Qafqaz İnkişaf Bankı” ASC  28 yanvar  2016-cı il tarixində “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 22.3.1-ci maddəsinə uyğun olaraq Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılmış və onlara verilmiş şəhadətnamə ləğv edilmişdir. 

Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (81)1594/2016 saylı Qərardadına əsasən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurası tərəfindən təqdim olunmuş ərizə təmin olunmaqla Azərbaycan Respublikası Mərkəzi Bankının “Qafqaz İnkişaf Bankı” ASC və “Atrabank” ASC-nin iflas proseduruna dair ərizəsi qüvvədə qalmış və “Qafqaz İnkişaf Bankı” ASC və “Atrabank” ASC-də sığorta hadisəsi baş vermişdir.

Əmanətlərin Sığortalanması Fondu 22 avqust 2016-cı il tarixdən etibarən kompensasiyaların ödənilməsi prosesini “Qafqaz İnkişaf Bankı” ASC və “Atrabank” ASC vasitəsilə həyata keçirəcəkdir. “Qafqaz İnkişaf Bankı” ASC və “Atrabank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödəniş yeri haqqında daha dəqiq məlumat veriləcək.

   Fond məlumat üçün bildirir ki, “Qafqaz İnkişaf Bankı” ASC və “Atrabank” ASC-də qorunan əmanəti olan əmanətçilərin əmanətlərinin 30 (otuz) min manata qədər olan hissəsinin kompensasiya ediləcəyinə təminat verir, 30 min manatdan çox olan hissə isə ləğvedici tərəfindən qanunvericiliyə uyğun olaraq ödəniləcək.