Xəbərlər

Əmanətlərin Sığortalanması Fondunun üzvü olan “Gəncəbank” ASC-də sığorta hadisəsi baş vermişdir.

28 Yan 2016

Əmanətlərin Sığortalanması Fondu Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təqdim olunmuş 28 yanvar 2016-cı il tarixli 16-00022-2016 nömrəli məktuba istinad edərək bildirir ki, “Gəncəbank” ASC-nin öhdəliklərinin icrasına, o cümlədən əmanətlər üzrə öhdəliklərinin yerinə yetirilməsinə moratorium tətbiq edilmişdir. Bununla da “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1.9-cu maddəsinə müvafiq olaraq sığorta hadisəsinin baş verməsi və “Gəncəbank” ASC-nin əmanətçilər qarşısında öhdəliklərini yerinə yetirə bilməməsi faktı Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təsdiq edilir.

Əmanətlərin Sığortalanması Fondu “Gəncəbank” ASC-də sığorta hadisəsi baş verməsi barədə ictimaiyyəti məlumatlandırır və bildirir ki, 28 yanvar 2016-cı il tarixi “Gəncəbank” ASC-də sığorta hadisəsinin baş verdiyi gün hesab olunur.

 “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsinə uyğun olaraq, 7 təqvim günü ərzində “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaları ödəmək üçün seçilmiş Agent banklar və kompensasiyaların ödəniş tarixi və yeri haqqında əlavə məlumat veriləcək.

Fond məlumat üçün bildirir ki, “Gəncəbank” ASC-də qorunan əmanəti olan  əmanətçilərin əmanətlərinin 30 (otuz) min manata qədər olan hissəsinin kompensasiya ediləcəyinə təminat verir, 30 min manatdan çox olan hissə isə ləğvedici tərəfindən qanunvericiliyə uyğun olaraq ödəniləcək.