Xəbərlər
27 May 2015
26 may 2015-ci il tarixdə Azərbaycan Respublikasının Mərkəzi Bankı və Təhsil Nazirliyinin birgə təşəbbüsü və Əmanətlərin Sığortalanması Fondu, Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondu, FİNCA Azərbaycan və “AccessBank”ın dəstəyi ilə “Maliyyə savadlılığı” layihəsi çərçivəsində keçirilmiş müəllimlər arasında “Həyat Bilgisi və Maliyyə Savadlılığı” və şagirdlər arasında “Bu günün qənaəti sabahın təminatıdır” adlı respublika müsabiqələrinin qaliblərinin mükafatlandırma mərasimi keçirildi.
Müsabiqələrin keçirilməsində əsas məqsəd müəllimlərin 2006-cı ildən etibarən tədris olunan Həyat Bilgisi fənninin “Fərd və cəmiyyət” məzmun xəttinin “Cəmiyyətin sosial-iqtisadi həyatı” alt-xətti üzrə elektron təhsil resurslar hazırlaması, şagirdlərə pul yığımı və qənaətcillik mədəniyyətinin daha dərindən aşılanması olmuşdur.
Müsabiqələrdə ən aktiv iştirakçılar paytaxt Bakı şəhəri olmaqla yanaşı, Hacıqabul, Şəki və İsmayıllı rayonlarının şagirdələri və müəllimləri olmuşdur. Təqdim edilmiş resurslar Təhsil Nazirliyi və Mərkəzi Bankın mütəxəssisləri, o cümlədən iqtisadçı və müəllimlərdən ibarət Ekspert komissiyası tərəfindən 2 mərhələdə, müsabiqənin şərtlərində göstərilmiş meyarlar əsasında qiymətləndirilmişdir.
Müsabiqəyə müəllimlər tərəfindən ümumilikdə 133 layihə, şagirdlər tərəfindən isə ümumilikdə 91 layihə təqdim edilmişdir ki, müəllimlər tərəfindən hazırlanmış 7 resurs, şagirdlər tərəfindən hazırlanmış 19 resurs müsabiqə şərtlərinə cavab vermədiyi üçün qəbul edilməmişdir.
Nəticədə hər iki müsabiqə üzrə I, II və III yerlər və fərqlənənlər müəyyən edilmişdir. Müsabiqələrin qaliblərinə diplom və sertifikatlar təqdim olunmuş və müxtəlif dəyərli hədiyyələr – noutbuklar, planşetlər, printerlər və s. verilmişdir. Ümumilikdə, 17 müsabiqə iştirakçısı mükafatlandırılmışdır ki, bunlardan I, II və III yerləri tutmuş 3 nəfər müəllim, fərqlənmiş 5 nəfər müəllim, həmçinin I, II və III yerləri tutmuş 4 nəfər şagird, fərqlənmiş 5 nəfər şagird olmuşdur.