Xəbərlər

“Beynəlxalq Əmanət Günü” və Maliyyə Savadlılığı aylığının yekun hesabatı ilə bağlı press-konfrans keçirildi.

9 Dek 2014

Azərbaycan Respublikası Mərkəzi Bankının Tədqiqatlar və inkişaf mərkəzinin təşəbbüsü, Əmanətlərin Sığortalanması Fondu, Almaniyanın Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondu, Azərbaycan Banklar Assosiyasiyasının təşkilatçılığı və bir sıra kommersiya bankı və bank olmayan təşkilatlarını iştirakı ilə “Maliyyə Savadlılığı” layihəsi çərçivəsində keçirilən 31 oktyabr “Beynəlxalq Əmanət Günü” və davamı olaraq Noyabr ayı ərzində “ Maliyyə Savadlılığı” aylığı sona çatdı. Bununla əlaqədar olara 5 dekabr 2014-cü il tarixində tədbirin yekun hesabatına dair press-konfrans təşkil olunmuşdur.

 

Hər il olduğu kimi bu ildə tədbirin əsas məqsədi müxtəlif maarifləndirici tədbirlərin vasitəsilə əhalinin iqtisadi və maliyyə məsələləri üzrə məlumatlılığının artırılmasıdır. Bu ilki tədbirlərdə əsas hədəf qruplarından biri kimi məktəb şagirdləri seçilmişdir. Maliyyə savadlılığı aylığı çərçivəsində bank işçiləri və təşkilatçılar tərəfindən Bakıda və regionlarda 50-yə yaxın məktəbə səfər edilmişdir. Səfər zamanı təqribən 3000-dən çox şagirdə əmanətlərin əhəmiyyəti, yığım vərdişinin formalaşdırılması, maliyyə vəsaitlərindən səmərli istifadə, düzgün maliyyə qərarları vermək kimi məsələlərə dair məlumat verilmiş, bankçılıq, maliyyə və digər iqtisadi mövzularda təlimlər keçirilmişdir.  Həmçinin layihə iştirakçısı olan banklar və bank olmayan kredit təşkilatlarının Bakı şəhərində və regionlarda yerləşən filiallarında “Açıq qapı” günləri keçirilmiş və geniş ictimaiyyət, məktəblilər, gənc ailələr ilə görüşlər təşkil olunmuşdur. Əlavə olaraq, BƏG-in simvolu olan “ManatMan” ilə birgə marketlərdə ictimai aksiyalar keçirilmişdir.

Tədbirlərdə şagirdlərə “Məktəblinin şəxsi büdcə planlaşdırılması”, “Əmanət” kitabçası, bank-maliyyə fəaliyyətini əks etdirən müxtəlif bukletlər və BƏG-in rəmzi olan pul daxılları, çantalar, bloknot, qələm və digər müxtəlif hədiyyələr paylanmışdır.

Tədbirlər çərçivəsində Azərbaycan Banklar Assosiyasiyası tərəfindən İctimai televiziya və radioda bilavasitə yığım mədəniyyətinin formalaşmasına və ümumilikdə maliyyə savadlılığının artırılmasına xidmət edən sosial çarx və bəstə yayımlanmışdır.

Xatırladaq ki, bu tədbir Azərbaycanda 2012-ci ildən başlayaraq hər il davamlı olaraq 31 oktyabr tarixində keçirilir.