Xəbərlər

Azərbaycan Respublikasının Mərkəzi Bankı və Əmanətlərin Sığortalanması Fondu Beynəlxalq Əmanət Günü və Maliyyə savadlılığı aylığı çərçivəsində məktəblərə səfər etdi

18 Noy 2014

Azərbaycan Respublikasının Mərkəzi Bankı və Əmanətlərin Sığortalanması Fondu Beynəlxalq Əmanət Günü və Maliyyə savadlılığı aylığı çərçivəsində məktəblərə səfərini davam etdirir. MB və ƏSF-nin 6 noyabr 2014-cü il tarixində keçirdiyi səfərdə auditoriya kütləsi “Bakı Beynəlxalq Məktəbin” əcnəbi şagirdləri oldu. Ziyarət zamanı şagirdlərə Beynəlxalq Əmanət Günü ilə bağlı ətraflı məlumat verildi.  Daha sonra şagirdlərin marağına səbəb olan Maliyyə savadlılığı və Əmanətlərin Sığortalanması sistemi çərçivəsində xarici ölkələrlə müqayisəli şəkildə müzakirələr aparıldı. Müzakirələrdə fəal iştirak edən şagirdlər müxtəlif hədiyyələrlə mükafatlandırıldı.

Xatırlatmaq istərdik ki, Beynəlxalq Əmanət Günü Azərbaycanda 31 oktyabr 2012-ci ildən başlayaraq hər il keçirilir.  Bu ildə Azərbaycan Respublikası  Mərkəzi Bankının təşəbbüsü, Əmanətlərin Sığortalanması Fondu, Almaniyanın Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondu və Azərbaycan Banklar Assosiyasiyasının təşkilatçılığı və bir sıra kommersiya banklarının və bank olmayan təşkilatların iştirakı ilə 31 oktyabr 2014-cü il tarixində Beynəlxalq Əmanət Gününə və noyabr ayı ərzində davam edəcək Maliyyə Savadlılığı aylığına start verildi. Bu tədbir çərçivəsində həm şəhər həm də regionlardakı bir sıra məktəblərə Maliyyə Savadlılığının aşılanması məqsədi ilə səfərlər davam edəcək.