11 Avq 2014
Əmanətlərin Sığortalanması Fondunun təşəbbüsü və təşkilatçılığı ilə 6 avqust 2014-cü il tarixlərində Bakı şəhəri, “JW Marriott Absheron” otelində Depozit Sığortaçılarının Beynəlxalq Assosiasiyasının (İADİ) Asiya-Sakit Okean Regional Komitəsinin “Risk əsaslı sığorta haqqı sisteminin tətbiqi” mövzusuna həsr olunmuş Texniki Seminarı və Avrasiya Regional Komitəsinin (EARC) VII illik toplantısı başladı. Seminarda əsasən Amerika, Asiya, Avropa və MDB-nin 25 ölkəsindən depozitlərin sığortalanması fondları, mərkəzi banklar və beynəlxalq maliyyə qurumlarının 50-dən artıq nümayəndəsi, Azərbaycan Respublikası Mərkəzi Bankının və Fonda üzv bankların nümayəndələri də iştirak edir.
Tədbirin əsas məqsədi risk əsaslı sığorta haqlarının hesablanması sisteminə keçid ərəfəsində olan ölkələrin bu sahədə qarşılaşa biləcəkləri problemlər, risklərinin müəyyən edilməsi metodları, bank risklərinin kəmiyyət və keyfiyyət göstəriciləri üzrə qiymətləndirilməsi, bankların risk dərəcələrinə görə qruplara bölünməsi və reytinqlərinin müəyyən olunması barədə beynəlxalq qabaqcıl təcrübənin öyrənilməsi və iştirakçılar arasında geniş təcrübə mübadiləsidir.
Seminarda açılış nitqi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankının Baş direktoru Rəşad Orucov çıxış edərək, əmanətlərin sığortalanması sisteminin ölkənin bank və maliyyə sistemi üçün əhəmiyyətindən, Əmanətlərin Sığortalanması Fondunun fəaliyyəti dövründə əldə etdiyi nailiyyətlərdən və bu sisteminin inkişaf etdirilməsinin vacibliyindən danışdı və bu baxımdan bu cür seminarların təşkil olunmasının, seminarın mövzusunun və bu sahədə beynəlxalq qabaqcıl təcrübənin öyrənilməsinin, digər ölkələrin nümayəndələri ilə qarşılıqlı müzakirələrin aparılmasının faydalı olduğunu vurğuladı. R.Orucov tədbirin təşkilatçılarına, Depozit Sığortaçılarının Beynəlxalq Assosiasiyasına və ölkəmizə gəldikləri və tədbirdə iştirak etdiklərinə görə iştirakçılara təşəkkürünü bildirdi.
Asiya-Sakit Okean Regional Komitəsinin sədri cənab Obata çıxış edərək, tədbirə ev sahibliyi etdiklərinə, yüksək səviyyədə təşkilatçılağa və iştirakçılara göstərilən qonaqpərvəliyə görə Fondun icraçı direktoru Azad Cavadova və Fondun kollektivinə öz minnətdarlığını bildirdi və Asiya Sakit okean ölkələrində risk əsaslı sığorta haqqı sisteminin tətbiqi təcrübəsi barədə ümumi məlumat verdi.
Daha sonra Amerikanın Federal Depozitlərin Sığortalanması Korporasiyasının Baş Maliyyə İqtisadçısı cənab Joseph Colantuoni "Banklarda risklərin idarə edilməsi. Onun təkmilləşdirilməsində banklara nəzarət orqanları və sığorta fondlarının rolu", Depozit Sığortaçılarının Beynəlxalq Assosiasiyasının (İADİ) Baş katibi xanım Gail Verley "Risk əsaslı sığorta haqqı sistemlərinin təkmilləşdirilməsi üzrə Rəhbər Prinsiplər", Qazaxıstan Depozitlərin Sığortalanması Fondundan xanım Shenol Saule "Qəti-müəyyən edilmiş sığorta haqqı sistemindən risk əsaslı sığorta haqqı sisteminə keçid", Koreya Depozitlərin Sığortalanması Fondundan cənab Taewook Chang "Koreyada risk əsaslı sığorta haqqı sisteminin tətbiqi", Alman Bankları Assosiasiyasının Depozitlərin Qorunması Fondundan cənab Bernd Bretschneider "Avropa ölkələrində risk əsaslı sığorta haqqı sisteminin tətbiqi", Malaziya Depozitlərin Sığortalanması Fondundan xanım Fariza Ahmad "İslam bankçılığı üçün risk əsaslı sığorta haqqı sisteminin tətbiqi", Kanada Depozitlərin Sığortalanması Fondundan xanım Sheila Salloum "Risk əsaslı sığorta haqqı sisteminin genişləndirilməsi", Malaziya Depozitlərin Sığortalanması Fondundan cənab Rafiz Azuan Abdullah "Risk əsaslı sığorta haqqı sistemi və erkən xəbərdarlıq sistemi" və Türkiyə Depozitlərin Sığortalanması Fondundan cənab İsmail Gülər "Risk əsaslı sığorta haqqı sisteminin Depozit Sığortaçıları üçün faydası" mövzularına həsr olunmuş prezentasiyalar ilə çıxış etdilər və iştirakçıların suallarını cavablandırdılar.
Qeyd etmək istərdik ki, seminar iki gün davam etdi.