Xəbərlər

Beynəlxalq Valyuta Fondunun nümayəndələri Əmanətlərin Sığortalanması Fonduna səfər etdilər.

7 Mar 2014

Beynəlxalq Valyuta Fondunun (bundan sonra-BVF) nümayəndələri 4-17 mart 2014-cü il tarixləri arasında Bakıda rəsmi səfərdədirlər. Səfər çərçivəsində BVF-nin missiya rəhbəri cənab Raja Almarzougi və nümayəndə heyəti cənab Sami Ben Naseur və cənab Engin Akçakoca Əmanətlərin Sığortalanması Fondunun (bundan sonra-Fond) inzibati binasında Fondun İcraçı direktoru cənab Azad Cavadovla görüş keçirdilər. Görüş çərçivəsində Fondun İcraçı direktoru A.Cavadov qonaqları əmanətlərin sığortalanması ilə bağlı qanunvericilik aktlarında dəyişiklik edilməsinə dair Fondun mövcud və planlaşdırılan təklifləri, təklif olunan dəyişikliklərin əsas məqsədləri və strateji hədəflərə nail olunması üzrə görülən tədbirlər barədə məlumatlandırdı və onları maraqlandıran sualları cavablandırdı. Sonda BVF-nin missiya rəhbəri  cənab R. Almarzougi və bank işləri üzrə ekspert cənab Engin Akçakoca Fonda ən son səfərləri haqqında danışdılar və qısa müddət ərzində Fondun fəaliyyətindəki inkişafın təqdirə layiq olduğunu  bildirdilər. Daha sonra BVF-nin missiya rəhbəri  cənab R. Almarzougi Fondun strateji hədəflərinə nail olmaq yolunda atdığı addımlarda Fonda hər zaman dəstək göstərməyə hazır olduqlarını bildirdilər. Fondun İcraçı direktoru Azad Cavadov öz növbəsində BVF-nin missiyasında uğurlar arzuladı və gələcəkdə onlarla əməkdaşlıq etməyə şad olacaqlarını bildirdi.