Xəbərlər
29 Yan 2014
17 yanvar 2013-cü il tarixində Əmanətlərin Sığortalanması Fondunun təşəbbüsü və təşkilatçılığı ilə Depozit Sığortaçılarının Beynəlxalq Assosiasiyasının Avrasiya Regional Komitəsinin “Sığorta hadisəsi zamanı kompensasiyaların ödənişi” mövzusunda onlayn seminarı keçirildi. Seminarda ümumilikdə Avrasiya Regional Komitəsinin bütün 6 üzvü (Azərbaycan,Rusiya,Ukrayna,Türkiyə,Qazaxıstan, Qırğızıstan ), o cümlədən müşahidəçi qismində 3 ölkənin (Belarusiya, Moldova, Tacikistan) depozitlərin sığortalanması təşkilatları iştirak etdi. Seminarın məqsədi ayrı-ayrı ölkələrin sığorta hadisəsi zamanı kompensasiyaların ödənilməsi ilə bağlı təcrübələrinin daha az vaxt sərf etməklə, iş məkanından ayrılmadan effektiv şəkildə mübadilə olunması, habelə iştirakçıları maraqlandıran sualların mütəxəssislər tərəfindən cavablandırılmasından ibarət idi. Seminarda Azərbaycan, Rusiya, Ukrayna, Türkiyə və Qazaxıstanın əmanətlərin sığortalanması təşkilatlarının öz təcrübələri ilə bağlı prezentasiyaları dinlənildi və iştirakçıları maraqlandıran suallar cavablandırıldı. İştirakçılar Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun bu cür seminarların keçirilməsi təklifini bəyəndilər və seminarın yüksək səviyyədə təşkil olunmasına görə təşəkkürlərini bildirdilər.
Əmanətlərin Sığortalanması Fondu Beynəlxalq Depozit Sığortaçıları Asosasiyyasının 2012-ci ilin oktyabr ayında keçirilən İllik iclasında qəbul edilən qərara əsasən 2013-2014-cü illər üçün Avrasiya Regional Komitəsinin sədri seçilmişdir. Əmanətlərin Sığortalanması Fondunun Komitəyə sədrliyi dövrü ərzində Qırğızıstan Əmanətlərin Sığortalanması Fondu, Türkiyə Əmanətlərin Sığortalanması Fondu Avrasiya Regional Komitəsinə üzv qəbul edilmiş və Komitənin tarixində ilk dəfə olaraq üzv və müşahidəçi ölkələr arasında onlayn video görüntülü seminar keçirilmişdir.