11 Dek 2013
Mərkəzi Bankın Tədqiqatlar və inkişaf mərkəzinin təşəbbüsü, Əmanətlərin Sığortalanması Fondu, Azərbaycan Banklar Assosiasiyası, , Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondunun və bir sıra kommersiya banklarının: Access Bank, AG Bank, Bank of Baku, Bank Respublika, Dəmir Bank, Pasha Bank, UniBank, RabitəBank və YapıkrediBankın təşkilatçılığı ilə “Maliyyə savadlılığı” layihəsi çərçivəsində 31 oktyabr 2013-cü il tarixində Azərbaycanda keçirilən Beynəlxalq Əmanət Günü (BƏG) və onun davamı olaraq, noyabr ərzində keçirilən Maliyyə savadlılığı aylığına yekun vuruldu.
“Beynəlxalq Əmanət Günü” və Maliyyə savadlılığı aylığının keçirilməsində əsas məqsəd müxtəlif maarifləndirici tədbirlər vasitəsilə ölkə ictimaiyyətinin maliyyə savadlılığı məsələlərinə diqqətini artırmaq və əhalidə bank sektoruna inamı gücləndirməkdən ibarətdir.
Əsas hədəf qruplarının məktəb şagirdlərinin olduğu maliyyə savadlılığı aylığı çərçivəsində bank işçiləri və təşkilatçılar tərəfindən Bakıda və regionlarda 38 məktəb ziyarət edilmiş, 3000 şagirdə bankçılıq, maliyyə və iqtisadiyyat mövzusunda təlimlər keçirilmişdir.Bununla yanaşı Beynəlxalq Əmanət Günü münasibəti ilə Mingəçevir şəhərində 22 məktəbin komandalarının iştirakı ilə “Breyn-ring” intellektual oyunu təşkil edilmiş, bank məhsulları barədə ətraflı məlumat verilmiş və maarifləndirici materiallar paylanmışdır.
Maliyyə savadlılığı aylığı ümumilikdə ölkə üzrə 10.000-dən çox məktəblini əhatə etmişdir. Şagirdlərə “Məktəblinin şəxsi büdcə planlaşdırılması kitabçası”, bank-maliyyə fəaliyyətini əks etdirən müxtəlif bukletlər, iqtisadi oyunlar, üzərində BƏG-in rəmzi olan köynəklər, papaqlar, çantalar, bloknot, qələmlər və müxtəlif hədiyyələr paylanmışdır. Həmçinin aylığın iştirakçısı olan bankların Bakı şəhərində və regionlarda yerləşən 25-dən çox filiallarında “Açıq qapı” günləri keçirilmiş və geniş ictimaiyyət, məktəblilər, gənc ailələr ilə görüşlər təşkil olunmuşdur. Bu tədbirlərdə bank sektoru, kreditlər, büdcə planlaşdırılması və bu kimi digər məsələlər barədə müştərilərə məlumatlar verilmiş, onların sualları cavablandırılmış, müxtəlif kitabça və bukletlər hədiyyə olunmuşdur.
Xatırladaq ki, 31 oktyabr – Beynəlxalq Əmanət Günü ölkəmizdə ilk dəfə Azərbaycan Respublikası Mərkəzi Bankının təşəbbüsü ilə 2012-ci ildə keçirilmişdir.