31 Okt 2013
Mərkəzi Bankın Tədqiqatlar və İnkişaf Mərkəzinin təşəbbüsü və Əmanətlərin Sığortalanması Fondu, Azərbaycan Banklar Assosiasiyası, ,Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondu (AƏBBƏF) və bir sıra kommersiya bankları: Access Bank, AG Bank, Bank of Baku, Bank Respublika, Dəmir Bank, Pasha Bank, UniBank, RabitəBank və YapıkrediBankın təşkilatı dəstəyi ilə “Maliyyə savadlılığı” layihəsi çərçivəsində 31 oktyabr 2013-cü il tarixində Azərbaycanda Beynəlxalq əmanət günü (BƏG) və onun davamı olaraq, noyabr ayı ərzində Maliyyə savadlılığı aylığı keçiriləcəkdir.
Qeyd edək ki, 31 oktyabr-Beynəlxalq əmanət günü 1924-cü ilin oktyabrında İtaliyanın Milan şəhərində 29 ölkənin iştirak etdiyi Beynəlxalq Konqresdə təsis olunmuş, ölkəmizdə ilk dəfə Azərbaycan Respublikası Mərkəzi Bankının təşəbbüsü və Əmanətlərin Sığortalanması Fondu, Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondu (AƏBBƏF) və bir sıra kommersiya banklarının təşkilatı dəstəyi ilə 2012-ci ildə keçirilmişdir. Tədbir keçən il “Beynəlxalq Əmanət Günü” və “Maliyyə savadlılığı” həftəsindən ibarət olmasına baxmayaraq bu il daha geniş miqyasda təşkil olunmuşdur. Beləki, bu il noyabr ayı ərzində “Maliyyə savadlılığı” aylığı keçiriləcəkdir və bu ay ərzində bank işçiləri məktəblərə səfər edəcək, şagirdlərlə maarifləndirici söhbətlər aparacaq, uşaqlar arasında yarışlar, müsabiqələr keçirəcəklər. Şagirdlərə, habelə “Məktəblinin şəxsi büdcə planlaşdırılması kitabçası”, bank-maliyyə fəaliyyətini əks etdirən müxtəlif bukletlər, iqtisadi oyunlar, üzərində BƏG-in rəmzi olan köynəklər, papaqlar və çantalar paylanacaqdır.
“Maliyyə savadlılığı” aylığının geniş miqyasda keçirilməsində əsas məqsəd müxtəlif maarifləndirici tədbirlər vasitəsilə ölkə ictimaiyyətinin maliyyə savadlılığı məsələlərinə diqqətini artırmaq və əhalidə bank sektoruna inamı gücləndirməkdən ibarətdir. Bu ilki tədbirlərdə əsas hədəf qrupları məktəb şagirdləri və gənc ailələr olacaqlar.
Bank filiallarında keçiriləcək “Açıq qapı” və digər tədbirlərdə geniş ictimaiyyət, məktəblilər, gənc ailələr ilə görüşlər təşkil olunacaq, bank sektoru, kreditlər, büdcə planlaşdırılması və bu kimi digər məsələlər barədə müştərilərə məlumatlar veriləcək, onların sualları cavablandırılacaq, müxtəlif kitabça və bukletlər hədiyyə olunacaqdır.
Bu ilki Beynəlxalq əmanət gününə həsr olunmuş video-çarx iştirakçı bankların ATM-lərində, televiziya kanallarında və bank filiallarının tablolarında nümayiş etdiriləcəkdir.