24 Iyl 2013
2013-cü ilin II rübündə fiziki şəxslərin cəmi əmanətləri 405 mln. (7,8 %) manat artaraq 5 618 mln. manata çatmışdır
II rübdə fiziki şəxslərin cəmi əmanətlərinin (5,6 mlrd. manat) 33%-ni (1,85 mlrd. manat) qorunmayan əmanətlər, 67%-ni (3,77 mlrd. manat) isə qorunan əmanətlər təşkil etmişdir.
Kompensasiya olunan əmanətlər ötən rüblə müqayisədə 203 mln. manat artaraq 1 813 mln. manata çatmışdır ki, bu da qorunan əmanətlərin 46,1%-ni təşkil edir.
Qorunan əmanətlərin 58%-i manatın, 38 %-i ABŞ dollarının və 4%-i Avronun payına düşür.
Üzv banklar tərəfindən 4 979 666 əmanətçiyə xidmət göstərilir ki, onların da 4 643 023 nəfəri (93%) qorunan əmanətçidir.
Hazırda Fondun sığorta ehtiyatları 54,2 mln. manat, cəmi aktivləri isə 61,6 mln. manat təşkil edir.
Fondun sərbəst vəsaitlərinin idarə edilməsi Fondun investisiya siyasətinə uyğun olaraq həyata keçirilir. Manatda olan vəsaitlər 46,4 mln. manat məbləğində dövlət qiymətli kağızlarında yerləşdirilmiş və orta hesabla illik gəlirlilik 4,4 % təşkil etmişdir. Fondun 5,0 mln. Avro vəsaiti isə “Deutsche Asset & Wealth Management International” şirkəti vasitəsi ilə idarə olunur.
Fondun iştirakçısı olan bankların sayı 42-dir. Fondun üzvü olmuş “Royal Bank”ASC-də 16 iyul 2012-ci il tarixində sığorta hadisəsi baş vermişdir. Əmanətçilər qarşısında öhdəliklərin reyestrinə əsasən 5 759 qorunan əmanətçilərin 26,5 mln. manat məbləğində qorunan əmanəti üzrə ödəniləcək cəmi kompensasiya məbləği 14,7 mln. manat və yaxud 55,5 faiz təşkil edib. “Royal Bank” ASC-nin ümumi əmanətçilərinin sayı 7 063 nəfər təşkil etmişdir. Fond tərəfindən 01 iyul 2013-cü il tarixinə cəmi kompensasiya məbləğinin 88,8%-i, yaxud 13 mln. manat məbləğində kompensasiya ödənilmişdir.
Bir daha əmanətçilərin diqqətinə çatdırılır ki, Əmanətlərin Sığortalanması Fondu “Royalbank” ASC-nin qorunan əmanətçilərinə qorunan əmanətləri üzrə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulunu 23 iyul 2013-cü il tarixində dayandırdı.
Xatırlatmaq istəyirik ki, 01 avqust 2013- cü il tarixindən etibarən üzv banklarda yerləşdirilən qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddi 10 faiz olacaqdır. 01 avqust 2013-cü il tarixindən etibarən üzv banklarda illik 10 faizdən yuxarı faiz dərəcəsi ilə yerləşdirilmiş əmanətlər qorunan əmanətlərə aid edilməyəcəkdir. Fond tərəfindən qorunmayan əmanətlərə görə kompensasiya ödənilmir.
Sığorta hadisəsinə görə hər qorunan əmanətçiyə ödənilməli kompensasiya məbləğinin maksimum həddi 30 min manat məbləğindədir. MDB məkanında ən yüksək kompensasiya məbləği Azərbaycandadır (Qazaxıstanda 34 min ABŞ dolları, Rusiyada 31 min ABŞ dollarıdır).