Xəbərlər
30 Noy 2012
Mərkəzi Bankın təşəbbüsü ilə Beynəlxalq Əmanət Günü keçirildi
30 noyabr 2012, Bakı: Azərbaycan Respublikası Mərkəzi Bankının Tədqiqatlar və İnkişaf Mərkəzinin təşəbbüsü ilə Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondu (AƏBBƏF), Əmanətlərin Sığortalanması Fondu və bir sıra kommersiya bankları (Access Bank, UniBank, Dəmir Bank və Bank Respublika) “Maliyyə savadlılığı” layihəsi çərçivəsində Azərbaycanda ilk dəfə olaraq 31 oktyabr 2012-ci il tarixindən “Beynəlxalq Əmanət Günü” ilə əlaqədar tədbirlərin keçirilməsinə başlanılmışdır.
30 noyabr 2012-ci il tarixində tədbirlərin nəticələrinə dair keçirilən mətbuat konfransında İnkişaf departamentinin direktor müavini Natəvan Məmmədova bildirdi ki, noyabrın 8-dək keçirilmiş tədbirlərin məqsədi əhalinin maliyyə savadlılığının artırılmasına xidmət etməkdir. Əmanət yığımları üçün qənaət mədəniyyətinin aşılanması kiçik yaşlardan başlanıldığı üçün bu layihə əsasən məktəb şagirdlərinə yönəlmişdir.
Tədbir çərçivəsində bank filiallarında, məktəblərdə uşaqlar üçün müxtəlif yarışlar, müsabiqələr, maarifləndirici görüşlər keçirilmiş, promo materiallar paylanılmış, iştirakçı bankların ATM-lərində videoçarxlar yayımlanmışdır. Ümumilikdə 40-dan çox məktəbdə və digər tədris ocaqlarında 6000-dən artıq məktəblinin əhatə olunduğu tədbirlər keçirilmişdir.
Azərbaycan Respublikasının “Beynəlxalq Əmanət Günü”nün simvolik rəmzi əlində qəpiklə dolu küpə tutan dələ, sloqanı isə “Toplayaraq böyü” devizi seçilmişdir. Dələyə adın verilməsi isə məktəblilərin ixtiyarına buraxılmış və bununla bağlı müsabiqə elan edilmişdir. Bakı məktəblisi Tural Kərimov və Sumqayıt məktəblisi Elnur Abdalov müsabiqənin qalibləri olmuşlar. Qaliblər müxtəlif hədiyyələrlə mükafatlandırılmışdır.
Qeyd edək ki, Beynəlxalq Əmanət Günü ilk dəfə 1924-cü ilin oktyabr ayında İtaliyanın Milan şəhərində 29 ölkənin nümayəndələrinin Beynəlxalq Konqresində qeyd olunmuşdur. Bundan sonra, Azərbaycanda da bunun ənənə halını alacağı və bu günün hər il qeyd olunması planlaşdırılır.
Mərkəzi Bankın Kommunikasiya departamentinə istinadən