31 Okt 2012
Bu gün Mərkəzi Bank, Əmanətlərin Sığortalanması Fondu, Dəmir Bank, Bank Respublika, Unibank, Access Bankın və Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondunun dəstəyilə “Beynəlxalq əmanət günü” qeyd olunur.Tədbirdə Mərkəzi Bankın İnkişaf departamentinin direktor müavini Natəvan Məmmədova, Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondunun nümayəndəsi Henning Seemann, Əmanətlərin Sığortalanması Fondunun İnvestisiya Meneceri Elçin Niftiyev və bir sıra adı çəkilən kommersiya bankların (Access Bank, UniBank, Beynəlxalq Bank, Dəmir Bank və Bank Respublika) nümayəndələri iştirak edir.
Natəvan Məmmədova çərşənbə axşamı keçirilən mətbuat konfransında bildirib ki, Beynəlxalq Əmanət günü 1991-ci ildə bir çox ölkələrdə qeyd olunur və “Maliyyə savadlılığı” layihəsi çərçivəsində ilk dəfə olaraq oktyabrın 31-də Azərbacanda keçirilir.
Daha sonra Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondunun nümayəndəsi Henning Seemann Əmanət gününün bir çox ölkələrdə qeyd olunduğunu və bunun Azərbaycanda da təşkil olunmasının önəmliliyindən danışıb: “Qənaət etmək və əmanətlər əldə etmək maliyyə müstəqilliyilə yanaşı həm də ölkənin iqtisadiyyatının güclənməsinə yardım etmək deməkdir. Almaniyada 200 ildir ki Əmanət Kasaları Fondu fəaliyyət göstərir və bu ölkənin iqtisadiyyatına təkan verir. Azərbaycanda da bu prosesin başlanmasına ehtiyac var”.
Tədbirdə həmçinin Əmanətlərin Sığortalanması Fondunun İnvestisiya meneceri Elçin Niftiyev çıxış edərək bildirib ki: “Əhali öz vəsaitlərini banklara qoymağa ehtiyat edir, çünki onlar Əmanətlərin Sığortalanması Fondunun (ADİF) fəaliyyətindən xəbərsizdirlər. Aydın məsələdir ki, SSRİ dağıldıqdan sonra baş verən hadisələr də buna təsirsiz ötüşməyib.Buna görə, bu sahədə təbliğat önəmlidir”.
Ən sonda kommersiya bankların nümayəndələri çıxış edərək bu layihə çərçivəsində Bakıda və həmçinin Azərbaycanın digər rayonlarında bir sıra tədbirlərin keçiriləcəyini vurğulayıblar.
Mərkəzi Bank tərəfindən oktyabr ayının 31-dən noyabr ayının 8-nə qədər əmanət həftəsi elan olunub. Tədbirin keçirilməsində məqsəd uşaqlara da maliyyə anlayışını aşılamaq, onlarda maliyyə savadlılığını artırmaqdır. Bu məqsədlə Natəvan Məmmədova keçirilən tədbirlə əlaqədar məlumat kitabçalarının, çantaların və videoçarxın hazırlandığını və bu vəsaitlərlə uşaqlarda maliyyə sektoruna həvəsin artacağını vurğulayıb.
Daha sonra tədbirdə Beynəlxalq əmanət günü ilə bağlı hazırlanmış buklet və iştirakçı bankların ATM-lərində əks olunacaq videoçarx nümayiş olunub.
Qeyd edək ki, Beynəlxalq Əmanət Günü ilk dəfə 1924-cü ilin oktyabr ayında İtaliyanın Milan şəhərində 29 ölkənin nümayəndələrinin Beynəlxalq Konqresində qeyd olunub.