Xəbərlər

Əmanətlərin Sığortalanması Fondu mətbuat konfransı keçirdi

27 Sen 2011

Əmanətlərin Sığortalanması Fondu, KfW və GBDS nümayəndələrinin iştirakı ilə 27 sentyabr 2011-ci il tarixində «Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun son üç il ərzindəki inkişafı – Almaniya Hökuməti tərəfindən KfW Bankı vasitəsilə birgə maliyyələşdirilən layihə» mövzusunda mətbuat konfransı keçirilib.

Mətbuat konfransında KfW bankı (Şərqi Avropa, Qafqaz, Mərkəzi Asiya) nümayəndələri Mixael Mörşel (Şöbə direktoru,), Kurt Ştrasser (Layihə meneceri), Gerald Hübner (Layihə meneceri), Natiq Abdullayev (Bakı ofisinin nümayəndəsi), Leyla Məmmədova (Bakı ofisinin koordinatoru), GBDS nümayəndəsi Björn Christian Stein  (Ekspert), Mərkəzi Bankın nümayəndəsi Əliyar Məmmədyarov, Əmanətlərin Sığortalanması Fondunun İcraçı Direktoru Azad Cavadov və İcraçı Direktorun müavini Ramil Tahirov iştirak etdi.

Cənab Hübner öz nitqində 2007-ci  ildə yaradılmış  Əmanətlərin Sığortalanması Fondunun Azərbaycanın maliyyə sektorunun inkişafına, habelə əhalinin banklara olan etibarınin artmasına Almaniya Hökumətini təmsil edən KfW Bankının dəstəyinin müsbət təsirini bir daha vurğuladı.

Əmanətlərin Sığortalanması Fondunun İcraçı Direktoru Azad Cavadov son üç il ərzində KfW və GBDS-lə birgə görülən işlər barədə jurnalistlərə məlumat verdi. 

O, əmanətlərin sığortalanması haqqında qanunvericiliyə əlavə və dəyişikliklərin edilməsi üçün təkliflərin hazırlandığını və təkliflər qəbul olunarsa, gələcəkdə fərdi sahibkarların da əmanətlərinin sığortalanacağını bildirdi. A.Cavadov həmçinin banklardan differensial təqvim haqlarının yığılması sisteminin tətbiqi, hər hansı bir iştirakçı bankda sığorta hadisəsi baş verdikdə əmanətçilərə kompensasiyaların ödənilməsi üçün qanunvericilikdə nəzərdə tutulan 90 gün müddətin qısaldılması və daha tez müddətə ödənilməsinin qanunvericiliyə dəyişiklik qismində nəzərdə tutulduğunu diqqətə çatdırdı.

Xatırladaq ki, 01 iyun  2010- cu il  tarixdən üzv banklarda illik 12 faizdən yuxarı faiz dərəcəsi ilə yerləşdirilmiş əmanətlər Fond tərəfindən sığorta olunmur və onlara görə kompensasiya ödənilmir.

Hazırda kompensasiya məbləğinin maksimum həddi 30 min manatdır.

Əmanətçilər əmanətlərin sığortalanması üçün heç bir ödəniş etmirlər. Sığorta haqları yalnız banklar tərəfindən ödənilir.