10 Sen 2007
Əmanətlərin Sığortalanması Fonduna üzv olan bankların sırasına dörd bank da əlavə olundu.
- “Azərbaycan Sənaye Bankı”
- “Azərbaycan Kredit Bank”
- “Qafqaz İnkişaf Bankı”
- “NBCBank”
Bununla da Fonda üzv olan bankların siyahısı 34-ə çatdı. Bu bankların Fonda ödədiyi üzvlük haqqı 10 min manatdır. Əmanətlərin Sığortalanması Fonduna üzv olan hər bir banka qurumun şəhadətnaməsi verilir və bu “Şəhadətnamə”lər banklarda əmanətçilərə xidmət göstərilən yerlərdə asılır.
İştirakçı bankların Azərbaycan ərazisindən kənarda yerləşən filiallarındakı əmanətlər Fond tərəfindən sığorta olunmur və onlar üzrə kompensasiya ödənilmir.
Xatırladaq ki, «Əmanətlərin sığortalanması haqqında» Azərbaycan Respublikasının Qanununa görə, sığorta hadisəsi baş verdikdə, yəni iştirakçı bank məcburi ləğv edildikdə və ya müflis élan olunduqda, yaxud qanunveiciliyə müfafiq olaraq əmanətlər üzrə öhdəliklərin yerinə yetirilməsinə moratorium tətbiq edilməsi barədə məhkəmə qərarı qüvvəyə mindikdə Fond əmanətçinin kompensasiya alacağına təminat verir.
Kompensasiya aşağıdakı həcmdə ödənilir:
2007 - ci il avqustun 12 - dən 2008 - ci il yanvarın 1-dək - əmanətin məbləğinin 100 faizi, lakin 4 min manatdan çox olmayaraq;
2008 - ci il yanvarın 1 - dən 2010 - cu il yanvarın 1 - dək - əmanətin məbləğinin 100 faizi, lakin 6 min manatdan çox olmayaraq;
2010-cu il yanvarın 1-dən başlayaraq - əmanətin məbləğinin 100 faizi, lakin 8 min manatdan çox olmayaraq.
Qeyd edək ki, sığorta hadisəsi əmanətçinin əmanəti olan bir neçə iştirakçı bankda baş verdikdə, kompensasiya hər bir bankda olan əmanət üzrə ayrıayrılıqda ödənilir. Əmanətçinin bir bankda bir neçə əmanəti olduqda isə onlar toplanır və bir əmanət kimi kompensasiya olunur. Əmanətçilər bunu nəzərə alaraq öz vəsaitlərini bölərək müxtəlif banklarda saxlaya bilərlər.
Əmanətçilər əmanətlərinin sığortalanması üçün heç bir ödəniş etmirlər. Sığorta haqlarını yalnız banklar ödəməlidir.
Müflis olmuş bankın əmanətçisi bir il müddətində Fonda müvafiq qaydada ərizə ilə müraciət edə bilər. Ərizənin verildiyi tarixdən etibarən 90 gün müddətində Fond tərəfindən əmanətçiyə kompensasiya ödənməlidir. Bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişi ilk dəfə dərc etdiyi gündən başlayaraq beş il müddətində saxlanılır.