Xəbərlər

Əmanətlərin Sığortalanması Fondu fəaliyyətə başladı

10 Avq 2007

Avqustun 11-dən banklarda olan əmanətlər sığortalanacaq. Bu barədə Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov avqustun 10-da keçirdiyi mətbuat konfransında məlumat verib. Qeyd edək ki, “Əmanətlərin Sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanunu 2006-cı il dekabrın 29-da qəbul edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2007-ci il fevralın 9-da bu qanunun tətbiqi haqqında fərman imzalayıb. Əmanətlərin sığortalanması sisteminin yaradılmasının məqsədi banklar və xarici bankların yerli filialları ödəmə qabiliyyətini itirdikdə, fiziki şəxslərdən əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaq, maliyyə və bank sisteminin sabitliyini və inkişafını təmin etməkdir. Qanuna uyğun olaraq sığorta hadisəsi baş verdikdə, yəni iştirakşı bank məcburi ləğv edildikdə və ya müflis elan olunduqda, yaxud qanunvericiliyə müvafiq olaraq əmanətlər üzrə öhdəliklərin yerinə yetirilməsinə moratorium tətbiq edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindikdə Fond əmanətçinin kompensasiya alacağına təminat verir. Kompensasiya aşağıdakı həcmdə ödənilir:

2008-ci il yanvarın 1-dək—əmanətin məbləğinin 100 faizi, lakin 4 min manatdan çox olmayaraq;

2010-cu il yanvarın 1-dək—əmanətin məbləğinin 100 faizi, lakin 6 min manatdan çox olmayaraq;

2010-cu il yanvarın 1-dən başlayaraq—əmanətin məbləğinin 100 faizi, lakin 8 min manatdan çox olmayaraq.

Fondun sığorta ehtiyatları iştirakçı bankların sığorta haqları, Fondun buraxdığı uzunmüddətli borc öhdəlikləri, iştirakçı banklar tərəfindən ödənilən dəbbə pulları, Fondun vəsaitinin idarə olunması nəticəsində əldə edilmiş gəlirlər, qrant, ianələr və ya qanunvericilikdə qadağan edilməmiş digər mənbələrdən daxil olan vəsaitlər hesabına formalaşacaq. Fondun kapitallaşması üçün yuxarıda qeyd edilənlərdən əlavə Almaniya Hökümətinin KFW tərəfindən 40 il müddətinə illik 0, 75%-lə təklif etdiyi 5 milyon Avro məbləğində kredit verilməsi, həmçinin Fondun təçkilati formalaşması üçün 1 milyon Avro məbləğində qrant ayırması Azərbaycan höküməti ilə müzakirə edilir. Həmçinin KFW-nu təmsil edən ekspertler Fondun strukturunun və idarəetməsinin beynəlxalq standartlara uyğun formalaşdırılmasına öz tövsiyyələrini verirlər.

Fiziki şəxslərin əmanətlərinin cəlb edilməsi üçün bank lisenziyasına malik olan bütün banklar və xarici bankların yerli filialları Fondun məcburi iştirakçılarıdır. Fond iştirakçı bankların reyestrini tərtib edir və onlara şəhadətnamələr verir, sığorta haqlarını yığır və onların uçotunu aparır, sığorta hadisəsi baş verdikdə, əmanətçilərin tələblərinin uçotunu aparır və kompensasiya ödəyir. Əmanətlərin Sığortalanması Fondunun öhdəliklərini yerinə yetirmək üçün vəsaiti çatışmadıqda, maliyyə bazarlarından, Milli Bankdan və ya Azərbaycan hökumətindən borc vəsaitləri cəlb edir.

Qanuna görə, Fond ali idarəetmə orqanı olan Himayəçilik Şurası və icra orqanı olan İcraçı Direktor tərəfindən idarə olunur. Fondun Himayəçilik Şurası yeddi nəfərdən ibarətdir. Himayəçilik Şurasının tərkibinə Milli Bankın üç nümayəndəsi, Maliyyə Nazirliyinin və İqtisadi İnkişaf Nazirliyinin nümayəndəsi, iştirakçı bankların iki nümayəndəsi daxildir. Himayəçilik Şurasına millət vəkili, “Azəriqazbank” ASC-nin Müşahidə Şurasının sədri Çingiz Əsədullayev rəhbərlik edir. Şura üzvlərinin səlahiyyət müddəti beş ildir.

Fondun üzvü olan bankda sığorta hadisəsi baş verdikdə, Milli Bank Fonda bidiriş göndərir. Fond bildiriş aldıqdan sonar 7 gün ərzində aşağıdakı kütləvi informasiya vasitələrində kompensasiyaların ödənilməsi yeri və vaxtı haqqında elan verir və bildiriş dərc etdirir.

  1. AzTv
  2. İctimai televiziya
  3. Azərbaycan qəzeti
  4. Respublika qəzeti
  5. Xalq qəzeti
  6. Azərtac informasiya agentliyi
  7. APA informasiya agentliyi

Fond həmin elanı və bildirişi bir həftə ara verməklə daha iki dəfə təkrar edir.

Müflis olmuş bankın əmanətçisi bir il müddətində Fonda müvüfiq qaydada ərizə ilə müraciət edə bilər. Ərizənin verdiyi tarixdən etibarən 90 gün müddətində Fond tərəfindən əmanətçiyə kompensasiya ödənməlidir. Bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır.