Xəbərlər

Ləğv prosesində olan bankların ləğvedicisi tərəfindən aşkar olunmuş bəzi bank inzibatçılarının cinayət əməlləri barədə

8 Fev 2017

08.02.2017

Əmanətlərin Sığortalanması Fondu ləğvedici olaraq lisenziyaları geri alınmış və müvafiq məhkəmə qərarları əsasında müflis elan edilmiş bankların idarəetməsini həyata keçirməyə başladıqdan bir müddət sonra müəyyən işlərdə rəhbər vəzifələrdə işləmiş şəxslərin cinayət əməlləri törətdiklərini aşkar etmişdir. Ləğvetmə prosesində olan bir sıra banklar lisenziyaları ləğv edilənə qədər fəaliyyət göstərən zaman rəhbər vəzifələrdə işləmiş bəzi şəxslər vəzifə saxtakarlığı, vəzifə səlahiyyətlərini aşma, mənimsəmə, dələduzluq etmişlər.

Belə ki, həmin şəxslər bankın müştərilərini onlara məxsus əmlaklarını sataraq əldə olunmuş vəsaiti kredit borcunun bağlanılmasına yönəltməmiş və ya satışdan əldə olunmuş vəsaitin çox cüzi hissəsini yönəltmiş, bununla da həmin müştəriləri pis vəziyyətdə qoymuş, banka gəlib kredit almayan şəxslərin adlarına çoxlu sayda saxta imza ilə kredit rəsmiləşdirmiş, bir çox işdə zamin duraraq banklardan müəyyən miqdarda vəsait çıxarmış və bununla da banklara külli miqdarda zərər vurmuşlar.

Bununla əlaqədar olaraq, müvafiq materiallar toplanmış və ləğv prosesində olan bankların ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı  Mübarizə Baş İdarəsinə göndərilmişdir.