Xəbərlər

Əmanətlərin Sığortalanması Fondunda Ümummilli lider Heydər Əliyevin 95-illiyinə həsr olunmuş tədbir keçirilib

10 May 2018

10.05.2018

Müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 95-illiyi ilə əlaqədar Əmanətlərin Sığortalanması Fondunda tədbir keçirilib.

Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktorunun müavini, İcraçı direktor vəzifəsini müvəqqəti icra edən Vüqar Abdullayev Ulu Öndərin həyat yolu, müstəqil Azərbaycan dövlətinin qurulmasında, o cümlədən, ölkə iqtisadiyyatının gücləndirilməsində əvəzsiz rolu barədə məlumat verib.

Dünyanın tanınmış siyasi xadimləri Heydər Əliyevi XX əsrin ən görkəmli siyasətçilərindən biri kimi qəbul edir və qiymətləndirir. Müstəqil Azərbaycanda demokratik, hüquqi dövlətin qurulması, ölkəmizin beynəlxalq miqyasda nüfuz qazanması məhz Heydər Əliyev siyasətinin bəhrəsidir. Ümummilli liderin 1993-cü ilin iyun ayında xalqın tələbi ilə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında dönüş yaranıb, müstəqil dövlət quruculuğu prosesi başlanıb.

Məhz Heydər Əliyevin səyləri sayəsində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi xarici siyasətin prioriteti kimi qəbul edilib.

İqtisadi islahatlara önəm verən Ulu Öndər torpaq islahatı və özəlləşdirmə prosesi ilə ölkədə özəl sektorun, azad sahibkarlığın inkişafına ciddi təkan verib.

Azərbaycanın neft strategiyasının banisi olan Heydər Əliyev “Əsrin kontraktı”nın həyata keçirilməsi, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi ilə Azərbaycanı neft ölkəsi kimi dünyada yenidən tanıdıb.

Azərbaycan Respublikasının Prezidenti, möhtərəm İlham Əliyev Ümummilli liderin əsasını qoyduğu siyasəti davam etdirməklə, ölkəmizin dünya siyasi və iqtisadi xəritəsində mühüm yer tutmasına nail olub.  

Tədbirdə Ulu öndər Heydər Əliyevin keçdiyi həyat yolu barədə film nümayiş olunub.