Xəbərlər

Ləğv prosesində olan “Qafqaz İnkişaf Bankı” ASC-nin Kreditorlar Komitəsinin yaradılması barədə məlumat

8 May 2017

 

08.05.2017

   Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 27 yanvar 2016-cı il tarixli, 07/1 saylı qərarı ilə “Qafqaz İnkişaf Bankı” ASC-yə bank əməliyyatlarının aparılması üçün verilmiş 07.04.1997-ci il tarixli, 242 nömrəli lisenziya ləğv edilmişdir.

Azərbaycan Respublikasının Ali Məhkəməsi 11 avqust  2016-cı tarixli, 2-1(102)-1471/2016 saylı qərarı ilə “Qafqaz  İnkişaf  Bankı” ASC müflis elan edilərək bank barəsində iflas proseduruna başlanılmışdır.

Maliyyə Bazarlarına Nəzarət Palatasının ərizəsinə əsasən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 avqust 2016-cı il tarixli, 2-1(81)1594/2016 saylı qərardadı ilə Əmanətlərin Sığortalanması Fondu “Qafqaz İnkişaf  Bankı” ASC-yə ləğvedici təyin olunmuşdur.

Bankın müflis elan olunması ilə bağlı ləğvedici tərəfindən kütləvi informasiya vasitələrində 7 təqvim günü ara verməklə 3 dəfə məlumat dərc edilmişdir.

Ləğvetmə prosesində kreditorların maraqlarının təmsil edilməsi və bankın səmərəli ləğvinin təmin edilməsi məqsədi ilə kreditorlar komitəsinin yaradılması zərurəti yaranmışdır.

Bununla əlaqədar “Banklar haqqında” Qanunun 86.1-ci maddəsinin tələblərinə uyğun olaraq, kreditorlar komitəsinin yaradılması təşəbbüsünün dəstəklənməsi üçün Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət olunmuş və Palata tərəfindən müsbət cavab alınmışdır.

19.01.2017-cı il tarixdə ləğv prosesində olan “Qafqaz İnkişaf Bankı” ASC-nin Kreditorlar Komitəsinin yaradılmasına dair sorğu ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edilmiş, 07.03.2017-cı il tarixdə isə müvafiq sorğu məhkəmə tərəfindən təsdiq edilmişdir.

Məhkəmənin qərarı rəhbər tutularaq ləğvedici tərəfindən komitənin tərkibinin formalaşdırılması üçün bankın kreditorlarına artıq dəvət məktubları da göndərilmişdir.

Göstərilənlərlə əlaqədar bildiririk ki, 16.05.2017-cı il tarixdə “Qafqaz İnkişaf Bankı” ASC-nin ləğvi ilə bağlı Kreditorlar Komitəsinin iclasının keçirilməsi nəzərdə tutulur.

Kreditorlar Komitəsinin iclası saat 15:00-da Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Babək prospekti 16 ünvanında yerləşən inzibatı binasında keçiriləcəkdir. Müvafiq dəvət məktublarını və bildirişləri almış şəxslərdən Kreditorlar Komitəsinin iclasında səxsən və ya səlahiyyətli nümayəndəsi vasitəsilə iştirak olunması xahiş olunur.